7 Ocak 2015 Çarşamba

Müxtəlif sait qoşalıqları və oxunuş qaydası

Müasir Azərbaycan dilindəki bir sıra sözlərin əvvəlində, ortasında, bəzən də sonunda müxtəlif saitlər yanaşı gəlir və yanaşı da yazılır. Lakin yanaşı yazılan belə müxtəlif saitlərin tələffüzü ilə yazılışı tam eyniyyət təşkil etmir və orfoepik normaya görə, əsasən iki çalarlıqda tələffüz olunur.
Aşağıdakı növ qoşalıqları təşkil edən yanaşı saitlər aralarına artırılan y samiti ilə qovuşmuş halda müxtəlif kəmiyyət çalarlığında tələffüz olunurlar.
Qeyd: Burada qabaqcadan belə bir məsələni qeyd etməliyik ki, qoşa sait arasına artırılan y dedikdə, y çalarlıqlı bir samitin tələffüzdə artırılması nəzərdə tutulur və bu səs tam y deyil, burada adətən birinci saitdən sonra azacıq y mexrəcində bir samit səsin tələffüzü başlanır və bu səs tam halda formalaşmamış sonrakı sait tələffüz olunur. Deməli, tələffüzdə qoşa sait arasına artırılan y dedikdə y səsinin başlanğıc tonu nəzərdə tutulur və belə də anlaşılmalıdır.
Aİ: Tərkibində ai qoşalığı olan söztərin tələffüzündə bu saitlərin arasına y samiti artırılır və y-dan əvvəlki a azacıq uzun, y-dan sonrakı i saiti isə azacıq qısa tələffuz olunur: a:yid (aid), a:yilə (ailə), da:yirə (dairə), xa:yin (xain), sa:yit (sait) və s.
AE: Tərkıbində ae qoşalığı olan bir neçə düzəltmə söz müasir Azərbaycan dilində işlənir ki, bunların tələffüzündə e saiti düşmə dərəcəsində qısalır, buna görə də belə sözlərdə ae qoşalığı ay həcası kımi tələffüz olunur: ayrostat (aerostat), ayroport (aeroport), ayrologiya (aerologiya) və s.
Əİ: Tərkibində əi qoşalığı olan sözlərdə bu saitlərin arasına y samiti artırılaraq tələffüz olunur: zəyif (zəif), məyişət (məişət) və s.
İA: Tərkibində ia qoşalığı olan sözlərdə əvvəlki i qısaldılır və bu saitlərin arasına y samiti artırılaraq tələffüz olunur: diyalekt (dialekt), diyaqram (diaqram), diyametr (diametr), biyabır (biabır) və s
Q e y d:
1) bəzən əvvəlki i tamamilə düşür; məs. sosyalist (sosialist) və s.
2) avia sözündə ia qoşalığının ilk səsi i qısa, a səsi isə adi kəmiyyətdə, lakin yo çalarlığında tələffüz olunur: aviyomodel (aviomodel), aviyovağzal (aviovağzal) və s.
3) iddia, biar sözlərində y samiti artırılmır.
4) ia qoşalığından sonrakı hecada ə saiti olduqda, araya y samiti artırılmır və a bir qədər uzun tələffüz olunur: ria:yət (riayət), ia:şə (iaşə), ia:nə (ianə) və s.
İO: Tərkibində io qoşalığı olan sözlərdə həmin saitlərin arasına y samiti artırılaraq iya çalarlığıda tələffüz olunur. piyaner (pioner), biyalogiya (biologiya) və s.
Q e y d: Radio sözünün tələffüzündə i qısa, o isə y ilə birlikdə adi kəmiyyətdə tələffüz olunur. radiyo və s.
İU: Tərkibində iu qoşalığı olan sözlərdə həmin qoşalıq iyu çalarlığında tələffüz olunur: radiyus (radius), radiyum (radium) və s.
İƏ: Tərkibində  qoşalığı olan sözlərdə həmin qoşalıq iyə çalarlığında tələffüz olunur. təbiyət (təbiət), şəriyət (şəriət), müdafıyə (müdafiə), vaqiyə (vaiqiə), faciyə (faciə) və s.
Eİ: Tərkibində ei qoşalığı olan sözlərdə həmin qoşalıq eyi çalarlığında tələffüz olunur: ateyist (ateist), kodeyin (kodein) və s.
EA: Tərkibinde ea qoşalığı olan sözlərdə həmin qoşalıq qısa i saiti ilə iya çalarlığında teləffuz olunur: tiyatr (teatr), riyal (real), riyaksiya (reaksiya), riyaktor (reaktor) və s.
EO: Tərkibində eo qoşalığı olan sözlərdə həmin qoşalıq qısa və daha dar məxrəcli e ilə eyo çalarlığında tələffüz olunur: teyorem (teorem), feyodal (feodal), teyodolit (teodolit) və s
OE: Belə qoşalıq sözün ilk hecası ilə bağlı olarsa, qoşalığı təşkil edən səslərdən birincisi (yəni o) az qısa, lakin öz məxrəcində e saiti ilə adi kəmiyyətdə, ye çalarlığında tələffüz olunur; məsələn poyeziya (poeziya), poyema (poema), poyetika (poetika) və s.
Qeyd: Əgər belə qoşalıq sözün ilk hecası ilə bağlı olmazsa, qoşalığı təşkil edən səslərdən birincisi (yəni o) çox qısa, e saiti isə adi kəmiyyətdə, lakin eo diftonqunun sonu kimi teleffuz olunur orfoepiya (orfoepiya) ve s
Oİ: Tərkibində oi qoşalığı olan sözlərdə həmin qoşalıq ayi çalarlığında tələffüz olunur eqayist (eqoist) və s.
Q e y d: Əger əvvəlki hecada o olarsa, qoşalıq oyi çalarlığtnda tələffüz olunur kolloyid (kolloid)
UE: Tərkibində ue qoşalığı olan sözlərdə həmin qoşalıq uye çalarlığında tələffüz olunur: duyel (duel), duyet (duet) və s.

Aşağıdakı növ qoşalıqları təşkil edən saitlər, əsasən qovuşuq halda diftonq çalarlığında tələffüz olunur.
UA: Tərkibində ua qoşalığı olan sözlərdə, adətən birinci sait u azacıq qısa və a məxrəcinə hazırlıq çalarlığında, a isə vurğulu olduqda daha aydın məxrəcdə, vurgusuz olduqda u ilə daha çox qovuşuq çalarlıqda tələffüz olunur. sual, aktual, dua, dualist və s.
AU. Tərkibində au qoşalığı olan sözlərdə belə qoşalıq a səsinin azacıq qısalması ilə au diftonqu çalarlığında da tələffüz olunur: fauna, kauçuk, raund, lauriyat və s.
AO. Tərkibində ao qoşalığı olan sözlərdə belə yanaşı saitlər dodaqlanmış diftonq çalarlığında belə tələffüz olunur: kakao - kakou və s
AƏ. Tərkibində  qoşalığı olan sözlərdə belə qoşalıq enişli diftonq çalarlığında, yəni ilk saitin (a səsinin azacıq uzanması, ikinci saitin  səsinin) azacıq qısaldılması ilə (aə kimi) tələffüz olunur: itaət, qənaət, şücaət. bəraət və s.

Hiç yorum yok:

Yorum Gönder